Təyyarəçi. Sona Nuriyeva 1915-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1930-cu ildə orta məktəbi bitirmiş və Bakı aeroklubuna daxil olmuşdur. 1932-ci ildə Bakı aeroklubunun məzunu olduqdan sonra 1934-cü ilədək Bakı aeroklubunda təlimatçı vəzifəsində çalışmışdır. 1934-cü ildə SSRİ Mülki Hava Donanmasının Bataysk Təyyarəçilik məktəbinə daxil olmuş və 1936-cı ildə həmin məktəbi bitirdikdən sonra Azərbaycan mülki aviasiyasında əmək fəaliyyətinə başlamışdır.
1936-1937-ci illərdə SSRİ Mülki Hava Donanmasının Zaqafqaziya İdarəsinin 222-ci aviadəstəsində təyyarəçi, 1937-1943-cü illərdə Azərbaycan aviaqrupunun 19-cu aviadəstəsində təyyarəçi, 1943-1945-ci illərdə SSRİ Mülki Hava Donanmasının Azərbaycan İdarəsinin 9-cu nəqliyyat aviadəstəsində təyyarəçi vəzifəsində fəaliyyət göstərmişdir.